PRESS-RELİZ

Müasir dövrdə iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, orada informasiya və kommunikasiya texnologiyalarından (İKT) istifadə edilməsin. Bu aspektdən də, İKT sektorunun uzunmüddətli inkişafı ümumi iqtisadi inkişaf baxımından çox əhəmiyyətlidir.
Son zamanlar dünyada İKT-nin inkişafı istiqamətində nəzərə çarpan müsbət meyllər ölkəmizdə də müşahidə olunmaqdadır. Belə ki, Azərbaycan hökuməti tərəfindən prioritet elan edilmiş İKT sahəsi ölkənin davamlı iqtisadi artımı fonunda sürətlə inkişaf etməkdədir.
Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı tarixinə baxanda qeyd etmək olar ki, bu istiqamətdə dönüş 2004-cü ilə təsadüf etmişdir. Məhz o vaxtdan bu günə qədər regionda ən yüksək inkişaf dinamikası müşahidə olunmuşdur ki, nəticədə, ölkəmizdə neft sektorundan sonra rabitə və informasiya texnologiyaları ən sürətlə inkişaf edən sahədir. Dünya İqtisadi Forumunun 2009-2010-cu il üzrə Qlobal İnformasiya Texnologiya Hesabatında “şəbəkə hazırlığı indeksinə” görə Azərbaycan dünyanın 133 ölkəsi arasında 64-cü, MDB ölkələri arasında isə 1-ci yerdə qərarlaşmışdır. BMT-nin 2008-ci il E-Hökumət Sorğusuna əsasən Azərbaycan cənubi Qafqazda birinci yerdə və 182 ölkə sırasında 89-cu yerdə qərarlaşmışdır.
Son illərdə Azərbaycanın İKT sektorunda əldə olunan gəlirlərin orta illik artım tempi 30-35%-ə təşkil etmişdir. Bu gəlir artımının gələcəkdə də davam etməsi gözlənilir və bir neçə il ərzində enerji sektorundan əldə olunan gəlir səviyyəsinə çatması, hətta 2018-2020-ci illərdə enerji sektorunun gəlirlərini ötüb keçəcəyi proqnozlaşdırılır. Bu baxımdan “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-cu illər üçün Dövlət Proqramı” (Elektron Azərbaycan)” cari ilin avqust ayında təsdiq edilməsi növbəti əlamətdar hadisə və davamlı siyasətin yeni mərhələsi kimi qəbul oluna bilər. Bu sahəyə investisiya qoyuluşu da müvafiq illərlə müqayisədə artmışdır və 2009-cu ildə 163,6 million manat təşkil etmişdir.
Keçən ilin makroiqtisadi göstəricilərinə əsasən bu sahədə sürətli inkişaf müşahidə edilsə də, hökumət bu sahəni daha da stimullaşdırmaq məqsədilə qiymət artımına yol verməmişdir. Buna ilin əvvəlində internet tariflərinin qiymətlərinin üç dəfəyədək azaldılmasını misal göstərmək olar.
Milli əhəmiyyətli “Xalq Kompüteri” layihəsi hazırlanmış, həm mərkəzdə, həm də regionlarda uğurla həyata keçirilməkdədir.
Qeyd etmək istərdik ki, 10-illik tarixinə malik olan Azərbaycan Marketinq Cəmiyyəti (AMC) Dünya İqtisadi Forumu və Ümumdünya Ticarət Təşkilatının Beynəlxalq Ticarət Mərkəzinin Azərbaycanda rəsmi partnyoru olaraq ölkə üzrə tədqiqatların aparılmasını və digər intellektual-təşkilati məsələlərin həllini həyata keçirir. Bu layihələrin həyata keçirilməsi prosesində Cəmiyyətin ətrafında analitik və məsləhət işləri görən intellektual qrup yaradılmışdır və bu gün də müxtəlif mühüm sahələr üzrə araşdırmalar və tədqiqat işləri aparır.
Belə ki, İKT sektorunun ölkəmizin aparıcı və prioritetli sahəsi olmasını, gələcək üçün yüksək potensialını nəzərə alaraq və bu sahədə mövcud olan statistik məlumatların dürüstlüyünü yoxlamaq məqsədi ilə 2010-cu ilin mart-iyun ayları ərzində AMC təşəbbüs göstərərək Azərbaycanda informasiya və rabitə texnologiyalarının vəziyyəti haqqında genişmiqyaslı araşdırma həyata keçirmişdir. Müvafiq metodoloji yanaşmaya əsaslanaraq həyata keçirilən layihə, Azərbaycan Respublikasının əhalisinə və onun İKT-yə münasibətdə davranışına yönəlib və cari ilin iyun ayına olan aşağıdakı parametrləri əhatə edir:
- Ev təsərrüfatlarının sosial-demoqrafiq parametrləri
- Respondentlərin sosial demoqrafiq parametrləri
- Ev-təsərrüfatları və insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışı
- Fərdi Kompüterdən istifadə
- İnternetdən istifadə
- İnternet xidmətləri provayderləri ilə bağlı informasiyalar
- İnternet istifadəsi ilə bağlı müxtəlif parametrlər (İnternetdə alış-veriş və maneələr)
- Əhalinin İnformasiya Texnologiyaları sahəsində biliyi
- Əhalinin media vərdişləri
Araşdırmanın əsas hissəsi olan sorğu respondentlərin evində üzbəüz müsahibə şəklində həyata keçirilib. Ev təsərrüfatlarının seçimi sistemli təsadüfi seçim əsasında həyata keçirilib. Seçim əhalinin yaşadığı Azərbaycanın 11 iqtisadi zonasından 9-da həyata keçirilib.
İştirak meyarını təmin etmək üçün respondentlər, şəhər ərazisində yaşayan əhali və rayon ərazisində yaşayan əhali qrupuna bölünmüşdür və şəhər əhalisinin və rayon əhalisinin sorğuda iştirak payı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin (DSK) rəqəmləri əsasında nəzərə alınmışdır.
Bakı əhalisi ayrıca şəkildə götürülmüşdür və respublika üzrə seçilmiş respondentlərin 38%-i bu şəhərdən seçilmişdir.
Qalan 8 iqtisadi zonalarda kənd və şəhər əraziləri DSK-nın məlumatları əsasında formalaşdırılmışdır.
Respublika üzrə ümumi seçimdə şəhər əhalisinin payı 64% təşkil edir.
Respondentlərin kişi və qadın təşkil etmə nisbəti 45 % və 55 % nisbəti şəklində təşkil edir. Respondentlərin yaş qrupuna bölünməsi aşağıdakı kimidir: 18-24 yaş (24%), 25-34 yaş (22%), 35-44 yaş (21%), 45-54 yaş (20%), 55-64 yaş (9%), 65-74 yaş (4%).
Respondentlərin təhsil səviyyəsi - natamam və ya tam orta təhsilli 62%, orta ixtisas təhsilli 15%, natamam və ya tam ali təhsil 23% təşkil edir. Yalnız 1% respondentlər ibtidai təhsili malik idilər və ya ümumiyyətlə təhsili olmamışdır.
Sorğuda iştirak edən insanların 38%-i işləyirlər.
Respondentlərin 66%-i evli, 27%-i subay, 2%-i boşanmış və 5%-i duldur.
Sorğunun əsas nəticələri:
Bütün ev təsərrüfatları arasında ən azından 1 ədəd kompüterə sahib olan ev təsərrüfatların faiz nisbəti:
2010-cu ildə bütün ölkə ərazisində ev təsərrüfatlarının yalnız 25,7%-də ən azından 1 işlək kompüter vardır. (Bu göstəricinin 38%-i şəhər ərazilərinin payına düşür). Hətta digər 1% ev təsərrüfatında da işlək vəziyyətdə olmasa da kompüter vardır. Qalan 73,3% ev təsərrüfatında isə ümumiyyətlə heç bir işlək kompüter yoxdur.
Kompüterə malik olmayan ev təsərrüfatları arasında kompüter almağı planlaşdıran ev təsərrüfatlarının faiz nisbəti:
Kompüterə hal-hazırda malik olmayan ev təsərrüfatlarının cəmi 18%-i gələn 6 ay müddətində kompüter sahibi olmağı planlaşdırır. Qalan 82% ev təsərrüfatı isə gələn 6 ay ərzində bu barədə ümumiyyətlə fikirləşmir.
Kompüterlərin orta sayı:
2010-cu ildə 16-64 yaş arasında olan insanlar arasında 100 nəfərə düşən kompüterlərin orta hesabla sayı 14-dir. DSK-nə istinadən 2008 və 2009-cu illərdə 100 nəfərə düşən kompüterlərin orta hesabla sayı müvafiq olaraq 2,9 və 5,7 olub.
2010-cu ildə 100 ev təsərrüfatına düşən kompüterlərin orta sayı 27,4 olub.
Bütün ev təsərrüfatları arasında ev təsərrüfatında ən azından 1 şəxs kompüteri istənilən yerdə istifadə edən ev təsərrüfatlarının faiz nisbəti:
Respublika üzrə sorğuda iştirak edən bütün ev təsərrüfatlarından cəmi 44%-də ev təsərrüfatından ən azından 1 şəxs kompüterdən istənilən yerdə istifadə edir. Qalan 56% ev təsərrüfatında ümumiyyətlə heç bir şəxs kompüterdən istifadə etmir.
Kompüterdən istifadə edən respondentlərin faiz nisbəti:
Sorğuda iştirak edən bütün respondentlərin cəmi 31%-i kompüterdən istifadə edir. Qalan 69% isə kompüterdən istifadə etmir. Bu da kifayət qədər ciddi göstəricidir.
Bütün ev təsərrüfatları arasında ev təsərrüfatında ən azından 1 şəxs internetdən istənilən yerdə istifadə edən ev təsərrüfatlarının faiz nisbəti:
Respublika üzrə sorğuda iştirak edən bütün ev təsərrüfatlarından cəmi 38%-də ev təsərrüfatından ən azından 1 şəxs internetdən istənilən yerdə istifadə edir. Qalan 62% ev təsərrüfatında ümumiyyətlə heç bir şəxs internetdən heç bir yerdə istifadə etmir.
Sorğuda iştirak edən bütün şəhərdə yerləşən ev təsərrüfatları arasında ev təsərrüfatından ən azından 1 şəxs internetdən istənilən yerdə istifadə edən ev təsərrüfatlarının faiz nisbəti:
Respublika üzrə sorğuda iştirak edən bütün şəhərdə yerləşən ev təsərrüfatlarından cəmi 51%-də ev təsərrüfatından ən azından 1 şəxs internetdən hər yerdə istifadə edir. Qalan 49% belə ev təsərrüfatında ümumiyyətlə heç bir şəxs internetdən ümumiyyətlə istifadə etmir.
Sorğuda iştirak edən bütün şəhərdə yerləşən ev təsərrüfatları arasında ev təsərrüfatından ən azından 1 şəxs internetdən evdə istifadə edən ev təsərrüfatlarının faiz nisbəti:
Respublika üzrə sorğuda iştirak edən bütün şəhərdə yerləşən ev təsərrüfatlarından cəmi 29,2%-də ev təsərrüfatından ən azından 1 şəxs internetdən evdə istifadə edir. Qalan 70.8% belə ev təsərrüfatında ümumiyyətlə heç bir şəxs internetdən evdə istifadə etmir.
Bütün ev təsərrüfatları arasında ev təsərrüfatından ən azından bir şəxsin internetdən mobil telefon vasitəsilə istifadə edən ev təsərrüfatlarının faiz nisbəti:
Respublika üzrə sorğuda iştirak edən bütün ev təsərrüfatlarından cəmi 17%-də ev təsərrüfatından ən azından 1 şəxs internetdən mobil telefon vasitəsilə istifadə edir. Qalan 83% ev təsərrüfatında ümumiyyətlə heç bir şəxs internetdən mobil telefon vasitəsilə istifadə etmir.
Bütün respondentlər arasından internetdən ümumiyyətlə istifadə edən respondentlərin faiz nisbəti:
Sorğuda iştirak edən bütün respondentlərin cəmi 45%-i internetdən istifadə edir.
Əhalinin hər 100 nəfərinə düşən genişzolaqlı (ADSL) istifadəçilərin sayı:
Araşdırma zamanı aparılmış hesablamalar zamanı müəyyən edilmişdir ki, ölkədə hər 100 nəfərdən 12-si ADSL istifadəçisidir. Bu göstəricinin indiki səviyyəsi Azərbaycanda sözügedən xidmət sahəsinin inkişafından xəbər verir.
Ümumiyyətlə, sorğu nəticələri Azərbaycanda İKT sektorunun gələcəyinə ümidlə baxması üçün əsas verir. Əhalinin rəyi, digər mənbələr və əvvəlki illərlə müqayisəsi əsasında demək olar ki, ölkədə İKT sektorunun inkişaf dinamikası yüksəkdir və bu sahədə inkişaf üçün geniş potensial formalaşmışdır.
Azərbaycan Marketinq Cəmiyyətinin mətbuat xidməti
| < Prev | Next > |
|---|






