Sahibkarlığa dövlət dəstəyi gücləndirilir
Ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi, yeni iş yerlərinin və müəssisələrin yaradılması, əhalinin sosial rifah halının yaxşılaşdırılması “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın prioritet istiqamətlərindəndir. Dövlət Proqramına uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyi tərəfindən sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, onların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi və iş adamlarının maarifləndirilməsinə yönəldilmiş bir sıra tədbirlər həyata keçirilir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun iyulun 24-də Lənkəran şəhərində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar üçün “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini keçirmişdir. Əvvəlcə tədbir iştirakçıları Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən və indiyədək Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə etmiş 50-dək sahibkarın istehsal etdikləri məhsulların və xidmətlərin sərgisi ilə tanış olmuşlar. Sərgidə emal sənayesi, kənd təsərrüfatı, tikinti sahələri üzrə istehsal olunan məhsullar, qədim xalq sənəti nümunələri, həmçinin turizm sahəsində göstərilən xidmətlər kompleksi nümayiş etdirilmişdir. Sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Sonra “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir öz işinə başlamışdır. Tədbirdə Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev və sahibkarlar Azərbaycanda özəl bölmənin inkişafına dövlət dəstəyinin daha da gücləndirildiyini, bu sahəyə ölkə rəhbərliyi tərəfindən böyük diqqət və qayğı göstərildiyini vurğulamış, regionlarda sahibkarlığın inkişafı istiqamətində görülən işlər barədə məlumat vermişlər.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxışında Fondun vəsaitlərinin daha səmərəli yerləşdirilməsində yeni yanaşmaların tətbiq edildiyini qeyd etmiş, Aran, Quba-Xaçmaz, Gəncə-Qazax və Lənkəran iqtisadi rayonlarında meyvə-tərəvəz və digər ərzaq məhsullarının tədarükü, saxlanılması və satışı məqsədilə ümumi həcmi 2 min ton olan soyuducu anbar kompleksinin yaradılması üzrə Fond tərəfindən görülən işlər barədə məlumat vermişdir.
Bildirilmişdir ki, artıq Sahibkarlığa Kömək Milli Fonduna 33 təklif, o cümlədən Lənkəran iqtisadi rayonundan 4 təklif təqdim olunmuşdur.
Həmin təkliflər hazırda Fondda təhlil olunur və araşdırmaların nəticələri əsasında Fondun Müşahidə Şurasının qərarına uyğun olaraq, avqustun 1-dən etibarən maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsinə başlanılacaq. Ş.Abdullayev həmçinin, Aran, Dağlıq Şirvan, Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala, Yuxarı Qarabağ iqtisadi rayonları üzrə taxıl məhsullarının saxlanılması və təmizlənməsi üçün hər birinin tutumu 10 min ton olan, müasir standartlara cavab verən anbar komplekslərinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlardan təkliflərin qəbuluna başlandığını da bildirmiş və bu barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir.
Tədbirdə regionlarda istehsal olunan məhsulların ixrac potensialı, həmçinin onların idxalı əvəzetmə imkanları və sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi ilə bağlı faydalı müzakirələr aparılmışdır.
Tədbir çərçivəsində sahibkarlar üçün “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi üçün sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi” mövzusunda treninq də keçirilmişdir. 300-dək sahibkarın iştirak etdiyi treninqdə investisiya layihələrinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına güzəştli qaydada kreditləşdirilməsi barədə ətraflı məlumat verilmiş, sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.
Sonra tədbirdə Fondun vəsaitləri hesabına 7 müvəkkil kredit təşkilatı vasitəsilə Lənkəran, Masallı, Cəlilabad, Lerik və Astara rayonlarında sənaye, kənd təsərrüfatı məhsullarının və tikinti materiallarının istehsalı, eləcə də turizm sahələrində fəaliyyət göstərən 166 sahibkara 800 min manata yaxın güzəştli kredit verilmişdir. Güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi nəticəsində regionda 330 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Ümumiyyətlə, Lənkəran şəhərində keçirilən tədbir də daxil olmaqla 2009-cu il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə verilmiş güzəştli kreditlərin həcmi 46 milyon manatı keçmiş, güzəştli kreditlər almış sahibkarlıq subyektlərinin sayı isə 930-u ötmüşdür.
2009-cu ilin ötən dövrü ərzində güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi nəticəsində 3800-dən artıq yeni iş yerinin yaradılması gözlənilir.
Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara güzəştli kreditlərin verilməsi, eləcə də onların maarifləndirilməsi tədbirləri davam etdirilir.






